Qubada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən şəxslər məhkəmənin hökmündən narazı qalıblar. Bu haqda ShimalNews 16 sentyabr tarixində Pravda.az-a istinadən xəbər verir.

İttihama əsasən, Nübar İsazadə işlədiyi elektronika mağazasının müdiri İftixar Ağayevin köməyi ilə evinə kamera quraşdırıb. Sonra Nübar və Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin aralarında intim video qeydə alınıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə E.Əfəndiyevi hədələyib, ondan 75.000 manat pul tələb ediblər.

Məlumatda bildirilir ki, Nübar E.Əfəndiyevin tələbəsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nübar İsazadə 10 il və İftixar Ağayev isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar hökmdən kassasiya şikayəti veriblər. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 19-na təyin edilib.