Quba rayonunun Küçeyi kənd tam orta məktəbində təhsil alan şagirdlərin nəqliyyatla bağlı çətinlikləri həll olunub. Bu haqda ShimalNews 13 sentyabr tarixində Dünya TV-yə istinadən xəbər verir.
Adıçəkilən məktəbin binası qəzalı vəziyyətdədir. Şagirdlər tədrisi davam etdirmək üçün qonşu Pirvahid kənd tam orta məktəbinə köçürülüblər. Onları daşımaq üçün ayrılan avtobusların sayı yetərincə olmadığından valideynlərin narazılığına səbəb olub.
“Biz o məsələni qaldırdıq, artıq dünəndən avtobus sayları iki dəfədən çox artırılıb. Və hazırda bütün şagirdlərin eyni anda daşınması təmin edilir”, – deyə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba Təhsil Sektorunun müdiri Pərviz Nurməmmədov bildirib.
Artıq 8 nəqliyyat vasitəsi məktəblilərin daşınmasını həyata keçirir. Sakinlər məsələnin həllində göstərdiyi köməyə görə Təhsil Nazirliyinə təşəkkürlərini bildiriblər.