Cimi kənd məscidi Qubanın eyniadlı kəndində yerləşir və rayonun ən böyük məscidlərindən biri sayılır. Məscidə vaxtilə müxtəlif ətraf kəndlərdən cümə namazını qılmaq üçün yığışıblar. Buna görə məscid Cümə məscidi kimi də tanınıb.
Burada keçmişdə XII-XIII əsrə aid birmərtəbəli məscid mövcud olub. XIV-XV əsrlərdə isə həmin məscid genişlənərək, qadınlar üçün nəzərdə tutulan ikinci mərtəbəsi inşa olunub. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında bu məscidin XIX əsrə aid olduğu qeyd edilib.
İbadətgah düzbucaq formasındadır. Məscidin iç və çöl divarlarının üzərində qədim naxışlar saxlanılıb. Vaxtilə ibadət evinin iki minarəsi olub. Yerli sakinlərin sözlərinə görə, həmin minarələrin uzunluğu 40-50 metr təşkil edib.
İbadət evi 1920-ci ilə kimi fəaliyyət göstərib. Sovet dövründə məscid anbar kimi istifadə olunub. Məscidin fəaliyyəti 1990-cı illərdə bərpa edilib. Həmin zaman ibadətgahın iç hissəsi bərpa olunub.
Cimi kənd məscidi yerli əhəmiyyətli tarixi abidə hesab edilir.
İstinad edilən mənbələr:
- https://faktor.az/news/social/6866-dord-terefi-pir-olan-cimi-kendinden-reportaj
- https://www.youtube.com/watch?v=ZAxKTw9foiI
- https://www.e-qanun.az/framework/2847#_edn1