Yeddi qardaş piri Qusar rayonunda, Zindanmuruq kəndində, Qusar çayının sağ sahilində yerləşir.
Bu kənd ilə bağlı bir rəvayət var. Qədim zamanlarda burada uşaqlıqdan ata-analarını itirmiş yeddi igid qardaş yaşayırdı. Qardaşlar bir qalada yaşayırmışlar. Düşmən hücumlarına qarşı çıxmaq üçün onlar qalanın içinə saxsı borularla su çəkmişdilər. Qaladan çölə çıxmaq üçün isə gizlin yol açmışdılar. Onlar növbə ilə qalanı mühafizə edirdilər. Qardaşların bir bacısı var idi. Kənd cavanlarından heç biri qızın ürəyinə yatmırdı. Bir gün bulağa gedən igidlərin bacısı bir qadınla rastlaşır. Qadın qızı evə gətirib, çay-çörək verir, mehribancasına yola salır. O vaxtdan qadın tez-tez onlara gəlib-gedir, qıza bir igid haqqında danışırdı. Bir dəfə qız bulaq başında qadının danışdığı oğlanı görür. Onlar fərqli dindən olduqlarına baxmayaraq, bir-birinə aşiq olurlar.
Növbəti dəfə qadın qıza bu oğlana ərə getməyi məsləhət görür. Lakin qız qardaşlarının buna razı olmayacağını deyir. Belə olduqda qarı ona sevgilisi ilə qaçmağı məsləhət görür. Qardaşlarının silah işlətməməsi üçün xəncərlərinin qınına əridilmiş qır doldurmağı təklif edir. Qız məsləhətə qulaq asır və səhər tezdən oğlana qoşulub qaçır. Dərin bir dərəyə çatanda, oğlan qıza deyir: “Öz doğma qardaşlarının qədrini bilməyən sabah məni də istəməz”. Qız qəbahətini anlayır, lakin artıq gec olur. Oğlan əlindəki xəncəri qızın ürəyinə sancır.
Bacılarının qaçdığını eşidən qardaşlar atlarına minib onların izinə düşürlər. Onlar bulaq başında qovaq ağacına ilişib qalmış örpəyi görürlər. Elə burada düşmənlər qardaşları mühasirəyə alırlar. Düşmənlə döyüşmək üçün əllərini silaha uzadan qardaşlar xəncərlərini qından çıxara bilmirlər. Kənddən kömək gəlib çatana kimi qardaşlar artıq qan içində idilər.
Qadınlar bu səhnəni görüb elə şivən qoparırlar ki, səsdən dağlar titrəyir. Elin yığışdığı həmin talanın adı bu günə qədər “Şuvan” (Şivən) qalıb. Qızın öldüyü dərəyə isə sakinlər “Qara dərə” adını veriblər. Qardaşları orada böyük qarağacın kölgəsində basdırılıblar. Həmin yeri “Yeddi qardaş piri” adlandırıblar.
İstinad edilən mənbələr:
- Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
- Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.