Talıstan kəndi İsmayıllı rayonundakı Şirəxanı dağının ətəyində yerləşir. Deyilənlərə görə, Talıstan bir zamanlar İsmayıllı rayonunun ümumi adı olmuşdur.

Əvvəllər kəndin adı Marraş olub, sonradan Talıstan adlandırılıb. Bəzi tədqiqatçılara görə, Talıstan oykonimi “tala” (meşədə açıq sahə) və İran dillərindəki “stan” (yer, məkan) sözlərindən ibarət olub. Beləliklə, kəndin adı “tala olan yer, tala yeri, talalı sahə” mənasını ifadə edir. Digər fikrə əsasən, oykonim ərəb dilindəki “tal” (təpə, dağ) və fars dilindəki “stan” (ölkə, ərazi) komponentlərindən düzəlib, “dağlıq ölkə, dağlıq ərazi” mənasını ifadə edib. Daha sonra “Talıstan” sözündəki ikinci “a” səsi “ı” səsinə çevrilmiş və “Talıstan” şəklini almışdır.

Görkəmli şair Səməd Vurğun üç dəfə Talıstan kəndində olmuşdur. O, 1930-cu illərdə “Talıstan” adlı poemasını qələmə almışdır.

Kənd bir neçə məhəllədən ibarətdir. Onlardan Əbilli, Koxalı, Əhmədli, Dərəməhəllə, Yuxarı, Aşağı, Dəlləkli, Yolçulu kəndin ən böyük məhəllələri hesab edilir. Kənddə aşkar edilmiş tarixi abidələr göstərir ki, burada yaşayış e.ə II-I əsrlərə aiddir. Talıstanın qədim tarixi abidələrindən biri də Cavanşir qalası sayılır.

1912-ci ilin “Qafqaz təqvimi”ndəki əhalinin siyahıyaalınması məlumatına əsasən, kənddə 322 nəfər yaşayıb. 1985-ci ildə əhalinin sayı 1531 nəfər təşkil edib. 2009-cu ilin rəsmi məlumatına əsasən, kənddə 2317 nəfər yaşayıb. Talıstanda əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, çəltikçilik, arıçılıq, ipəkçilik olub, sonradan kənddə tütünçülük təsərrüfatı da yaradılıb. Talıstanda, həmçinin toxuculuq, sərraclıq, ağacişləmə, arabaçılıq sənətləri geniş yayılıb.

İstinad edilən mənbələr:

  • Azərbaycan Sovet Ensiklopediyası. IX Cild. Bakı-1986.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Talıstan Cavanşir qalası ilə də məşhurdur.-Azərbaycan.- 2019.-20 iyun.- S.11.
  • Etnoqrafik müşahidələr: Talıstan kəndi.-Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 13.
  • Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  • Кавказский календарь на 1912 год. Тифлис-1911.