İvanovka İsmayıllı rayonunda, Göyçay və Dəvəbatan çayları arasında, dəniz səviyyəsindən 500-800 metr yüksəklikdə yerləşir. İvanovka kəndinin bünövrəsi 1840-cı illərdə molokanlar (xristianlığın pravoslav qolunun sektalarından biri) tərəfindən qoyulub. Kənd Azərbaycan ərazisində molokan kəndlərindən ən qədim və ən böyük kəndlərdən biridir.
Buraya ruslar, əsasən, Rusiyanın indiki Tambov, Voronej, Kuban bölgələrindən köçüblər. Köçkünlər XVII-ci əsrin sonu – XVIII-ci əsrin ortalarında yaranmış dini təriqətlərdən (molokanlar, duxoborlar, baptistlər, subotniklər və digərləri) ibarət idi. Buna səbəb həmin zaman onların çar Rusiyası tərəfindən təqib olunması idi. Bu tədbirlər Rusiya imperiyası tərəfindən üsyankar əhalidən qurtulmaq və onları yeni torpaqlarda yerləşdirib, həmin torpaqları işğal etmək üçün nəzərdə tutulmuşdur.
1834-cü ildə İvan Perşin adlı şəxs və onun başçılıq etdiyi 11 ailə ilk dəfə indiki İsmayıllı rayonuna köçdülər. Onlar əvvəlcə indiki İsmayıllı rayonunun Topçu kəndinin yaxınlığında, Ax-ox çayının sahilində yaşamağa başladılar. 1847-ci ildə İvan Perşin İvanovkanın yerinə gəlib, burada kənd salıb. Buna görə kənd İvan Perşinin adını daşıyır. Həmin zaman burada yaşayış və su yox idi, yalnız meşələr mövcud idi. Molokanlar bu yerə köçüb, taxtadan evlər tikməyə başladılar. Onlar su ehtiyatlarını göldən və yağış sularından yığaraq təmin edirdilər.
Molokanlar kilsəni inkar etdiyinə görə kənddə kilsə yoxdur. Onların birgə ibadət etmək üçün xüsusi evi var. Həmin evə turistlər buraxılmırlar. Həmçinin İvanovka burada yerləşən Mədəniyyət Evi ilə də tanınır.
1936-cı ildə İvanovkada kolxoz fəaliyyətə başlayıb. Həmin kolxoz sovet dövrünün bitməsinə baxmayaraq, hələ də fəaliyyət göstərir. Hazırda İvanovkada üç təkərli motosikletlər ən işlənilən nəqliyyat növüdür. Motosikletlər kolxozda mühüm nəqliyyat vasitəsi hesab olunur.
1915-ci ilin məlumatına görə, kənddə 1948 nəfər yaşayıb. 1970-ci ildə kəndin əhalisi 3694 nəfərə çatıb. 2009-cu ilin rəsmi məlumatına əsasən isə kəndin əhalisi 2797 nəfər təşkil edib.
İstinad edilən mənbələr:
- Культурное наследие народов Кавказа. Москва, Санкт-Петербург-2014.
- Ивановка. Этнотуризм в Азербайджане. Баку-2013.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 2009-cu il. Bakı-2010.
- Кавказский календарь на 1915 год. Тифлис-1914.
- https://ivanovka.net/%D0%BE-%D1%81%D0%B5%D0%BB%D0%B5-7/
- http://www.anl.az/down/meqale/exo/2016/noyabr/515856.htm
- https://baku-media.ru/publications/lokatsii/putevoditel/molokanskoe-selo-ivanovka-plody-trudov/
- http://www.ethno-kavkaz.narod.ru/ismailly70.html
- https://1news.az/news/20140417093208088-Euronews-rasskazal-o-molokanakh-azerbaidzhanskogo-sela-Ivanovka-VIDEO
- http://web2.anl.az:81/read/page.php?bibid=vtls000480627
- https://news.day.az/society/782966.html