“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda ShimalNews 18 sentyabr tarixində məlumat verir.
Bu qərar UNESCO-nun Səudiyyə Ərəbistanında keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qəbul edilib. Bu siyahıda “Xınalıq kəndi və Köç yolu” Azərbaycanın daxil edilmiş 5-ci ərazisidir.
UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Siyahıya daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 45 min ha-ya yaxın İrs Ərazisindən və müvafiq olaraq, 109 min ha-dan çox Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.
Qeyd olunan ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.
Daha öncə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılması haqda məlumat vermişdik.