Xaçmazda fındığın satış qiymətində artım müşahidə olunur. Bu haqda ShimalNews 18 sentyabr tarixində “ATV News”a istinadən məlumat verir.
Şimal bölgəsində yerləşən fındıq bağlarında yığım artıq tam yekunlaşıb və hazırda məhsulun satışı həyata keçirilir. Fermerlər bağlardan topladıqlarını qışa saxlamadan satmağı üstün tuturlar.
Bahalaşmanın əsas səbəbi cari ildə məhsuldarlığın bir qədər aşağı olmasıdır. Ötən il bu vaxtlarda kiloqramı 3 manat 50 qəpiyə satılan fındığı indi 4 manat 50 qəpiyə satışa çıxarırlar. Qiymət məhsulun keyfiyyətinə görə təyin edilir.
Rayon ərazisində 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqəsi var. Bura Şimal bölgəsi ilə yanaşı, digər regionlardan da məhsul gətirilərək təhvil verilir. Emal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər ölkələrə ixrac edilir.