Xaçmazda körpünün çökməsi sakinlər üçün maddi sıxıntılar yaradıb. Bu haqda ShimalNews 16 sentyabr tarixində BakuTV-yə istinadən məlumat verir.

Hazırda avtomobillər alternativ yollardan hərəkət edir. Onlardan biri Xaspoladoba, digəri isə Qımıl yoludur. Sakinlər bildirirlər ki, əvvəllər 1 manat 50 qəpiyə getdikləri yolu indi 3-10 manat arası getməli olurlar.

Sürücü bildirir ki, çoxları Qımılqışlaq tərəfdən keçmək istəmir. Orada palçıq və təhlükə ilə üzləşirlər. Xaspoladoba isə təxminən 14 km əlavə məsafəni qət etməyi tələb edir. Üstəlik, nəqliyyat vasitələri dağılır. Bu səbəbdən onlar istəmədən artıq ödəniş tələb etməli olurlar. Çıxış yolunu isə sürücülər İpək yolundan istifadədə görürlər.

AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, ərazidə yeni körpü inşa ediləcək. Onun uzunluğu 60-70 metr olacaq. Tikintisi gecə-gündüz aparılacaq. Lakin bu proses təqribi 2-3 ay vaxt tələb edəcək.