Bu gün 15 sentyabr – Bilik Günüdür. Bununla bağlı shimal.news sizə 40 il müəllim kimi fəaliyyət göstərən qusarlı maarifçi haqqında məlumat verir.

Umuyat (Umiyat) İsmayıl qızı Səmədova 28 aprel 1920-ci ildə Qusar şəhərində anadan olub.

Səmədova beşinci sinfi bitirdikdən sonra Qusar şəhərində açılmış pedaqoji texnikumun altıncı sinfinə daxil olub. Həmin texnikumu əla qiymətlərlə bitirərək 1938-ci ildə o, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olub. Səmədova müxtəlif illərdə Qusarın Yasab və Hil kəndlərində, sonradan Qusar şəhər 1 saylı orta məktəbində dil-ədəbiyyat müəllimi kimi çalışıb.

O, 1957-ci ildə Qusarda yeni açılmış internat məktəbinə direktor müavini vəzifəsinə təyin olunub. Lakin 1969-cu ildə öz xahişi ilə Qusar şəhər 3 saylı orta məktəbdə müəllim kimi çalışmağa başlayıb.

Səmədova 1946-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin “1941-1945-ci illərdə əməkdə fərqlənməyə görə” və “Əmək veteranı” medalları ilə təltif edilib. O, həmçinin “Qabaqcıl maarif xadimi” və “Əməkdar müəllim” adlarına layiq görülüb.

Umuyat Səmədova 2004-cü ildə vəfat edib.

 

İstinad edilən mənbələr:

  • Davudov B.B., Ələsgərov B.A, Muradağayev M.S. Qusarın şanlı övladları. Bakı-2005.
  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.