Xaçmazın Çılğır kəndində icra başçısı Elnur Rzayev vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 14 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.

Tədbirdə yerli hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

İlk öncə şəhid Dəyanət İbrahimovun büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Səyyar qəbulda Çılğır, Alıcqışlaq, Qaracik, Qaracik Zeyid, Qaraçay Cek, Şıxhaput və Aşağı Zeyid kəndlərinin sakinləri iştirak ediblər. Onlar elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi, su təchizatının yaxşılaşdırılması və bankomatların bərpa edilməsi ilə bağlı müraciətlər səsləndiriblər.

İcra başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.