Manaf Fərəc oğlu Süleymanov 3 mart 1912-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

O, ilk təhsilini Lahıcda aldıqdan sonra 1930-cu ildə 18 saylı Bakı şəhər məktəbini bitirmişdir. 1932-1937-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji kəşfiyyat fakültəsində kəşfiyyatçı-dağ mühəndisi ixtisası üzrə təhsil almışdır. Daha sonra o, əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Həmçinin universitetdə assistent, neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

Manaf Süleymanov ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlamışdır. Yazıçı ömrünün müəyyən anlarını “Şagirdlik illərim” adlı xatirəsində əbədiləşdirib. Onun Lahıc qəsəbəsi haqqında “Azərbaycan diyarı – Lahıc” əsəri, Bakının qədim keçmişindən, inqilab dövründə “neft səltənətində” baş verən hadisələrdən bəhs edən “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı 1987-ci ildə çap edilib.

Manaf Süleymanov vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında ilk arxiv sənədləri toplayan, Üzeyir Hacıbəylinin məktublarının surətini tapan şəxs olub. Eləcə də müstəqilliyimizi qazandıqdan sonra müəllifin “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik cümhuriyyət” adlı kitabları çap edildi.

Süleymanov tərcüməçiliklə də məşğul olub. O, Cek London, Con Steynbek, O’Henril, M.Kopelen, A.Qrasi, Oqoto, Y.A.Makmani, Piter Abrahams, R.Riv, A.Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli xarici yazıçıların əsərlərini tərcümə etmişdir.

Manaf Süleymanov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Manaf Süleymanov 12 sentyabr 2001-ci ildə Bakıda vəfat edib.

İstinad edilən mənbələr: