Xaçmaz rayonu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni Aysel İbrahimova göstərib. Bu haqda ShimalNews 9 sentyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin məzunu A.İbrahimova 648.2 bal toplayıb. Bununla gəncimiz rayon üzrə birinci, region üzrə isə ikinci ən yüksək nəticə göstərib. O, Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub. Aysel deyir ki, ali məktəbə hazırlaşarkən gününün 10-12 saatını dərs oxumaqla keçirib.

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 29 məzun 600 baldan yuxarı nəticə qazanıb. Onların 11-i Quba, 8-i Siyəzən, 5-i Xaçmaz, 5-i Şabran məktəblərində təhsil alıb. Qusarlı iki məzun isə 599 bal toplayıb.