Giləki sinaqoqu Qubanın Qırmızı qəsəbəsində yerləşir. Məbəd Cənubi Azərbaycanın Gilan vilayətindən gəlmiş mühacirlər tərəfindən 1890-cı illərdə inşa olunub.
Sinaqoqun üzərindəki daşlardan birində yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərindəki lövhədə “1857-ci il” yazılıb. Ehtimal olunur ki, lövhə gilanlı yəhudi mühacirlərin daha qədim məbədindən gətirilib və sinaqoqun giriş qapısı üzərinə vurulmuşdur. Məbədin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunmuşdur.
Məbəd düzbucaqlıdır. Sinaqoqun dördsütunlu dam üzərində ucalan ensiz, altıguşəli günbəzi var. Məbədin binasında İsrail nəsillərinin sayına işarə edən 12 pəncərə var. Ehtimal edilir ki, Qubada XIX əsrin birinci yarısında tikilmiş məscid Gilan məbədi üçün prototip olmuşdur. Oxşar dam örtüyü isə Quba məscidində də mövcuddur. Həmçinin tarixi qaynaqlardan məlumdur ki, əvvəllər sinaqoqun yanında bulaq olmuşdur.
Məbəddə eyni vaxtda 110 nəfər ibadət edə bilər. Sinaqoqda qadınlar üçün ayrıca otaqlar yox idi. Qadınlar yalnız bayram vaxtı buraya gəlirdilər və sinaqoqun həyətində otururdular. Hazırda da qadınlar yalnız bayram vaxtı məbədə buraxılırlar.
İstinad edilən mənbələr: