Gənclər və idman naziri Fərid Qayıbov Qubada görüş keçirib. Bu barədə ShimalNews 7 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Tədbir yenidənqurmadan sonra yenicə istifadəyə verilmiş Quba Olimpiya İdman Kompleksində (OİK) keçirilib. İlk dəfədir ki, ənənəvi toplantı paytaxtdan kənarda təşkil edilib. Burada Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə əsasən, iyun-avqust ayları ərzində keçirilmiş beynəlxalq kütləvi yarışların hesabatı dinlənilib, lll Avropa Oyunları, XVll Avropa Gənclər Yay Olimpiya Festivalı, Tələbələrin XXXl Ümumdünya Yay Universiadası, ll MDB Oyunları, Beynəlxalq Universitet İdman Festivalında idmançılarımızın iştirakı və nəticələri müzakirə edilib.

Həmçinin idmançı, məşqçi və hakimlərin lisenziyalaşdırılması prosesi, qabiliyyət imtahanı, idman federasiyalarının sosial media hesabatı, tibbi təminat və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.

Fərid Qayıbov bildirib ki, növbəti görüşlər də digər OİK-lərdə keçiriləcək. Bu, həm federasiya nümayəndələrinin bölgələrdə öz idman növlərinin fəaliyyətini yaxından izləmək, həm də komplekslərin imkanları ilə yerində tanış olmaq baxımından faydalı olar.