Aqrar Subsidiya Şurası regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Bu haqda ShimalNews 6 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Qərara əsasən, İsmayıllı rayonunda 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağlarının hər hektarına görə 8000 manat məbləğində əkin subsidiyası veriləcək. Bundan əlavə, fındıq üzrə əkin əmsalı İsmayıllı, Xaçmaz, Quba, Qusar rayonlarına şamil edilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
– alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
– xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
– fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
– badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
– qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.