Şair Ramaldan oğlu Ramaldanov 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.
Ramaldanov 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. O, 1974-cü ildə Bakıda yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 1976-cı ildə oranı bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçib. Ramaldanov 1987-1991-ci illərdə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasında təhsil alıb.
O, 1992-ci ildə alay komandirinin müavini vəzifəsində xidmət edib. 1993-cü ildə N saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat alıb. 1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilib. 1997-2012-ci illərdə ordu korpusunun komandiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Ramaldanov 1994-cü ildə uğurlu “Horadiz əməliyyatı”nın komandiri olub. Əməliyyat nəticəsində Horadiz qəsəbəsi və Füzuli rayonunun 20 kəndi Azərbaycanın nəzarətinə keçib. Qarabağ müharibəsi tarixində ən uğurlu əməliyyata rəhbərlik etmiş briqada komandiri Şair Ramaldanova ulu öndər Heydər Əliyevin əmri ilə polkovnik rütbəsi verilmişdir. Buna görə o, “Milli Qəhrəman” adı ilə təltif olunmalı idi, lakin Ramaldanov “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adınından imtina edib, əvəzinə “Azərbaycan Bayrağı” ordeninin göndərilməsini təklif etmişdir.
Ramaldanov 1995-ci ilin mart hadisələrində xüsusi xidmətlərinə görə ikinci dəfə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Beləliklə, o, “Azərbaycan Bayrağı” ordenini iki dəfə alan yeganə hərbçidir.
Şair Ramaldanov hərbi hissələr üçün ən çox dərs vəsaiti yazmış müəlliflərdən biridir. Onun kitablarından və metodik vəsaitlərindən, ümumiyyətlə, 14 dərsliyindən hazırda Silahlı Qüvvələrin hərbi hissələrində və güc nazirliklərinin hərbi hissə və tədris müəssisələrində istifadə olunur.
Şair Ramaldanov 2012-ci ildə yaşla əlaqədar xidmətdən tərxis olunub.
İstinad edilən mənbələr: