Prezident İlham Əliyev “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bu barədə ShimalNews 4 sentyabr tarixində məlumat verir.

Bu köç yolundan yüz illər boyu Şirvan və Quba bölgəsinin köçəri heyvandarlıq təsərrüfatları istifadə edib. O, Quba rayonunun Xınalıq kəndindən Pirsaat su anbarınadək uzanır və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonları ərazisindən keçir. Uzunluğu isə 200 km-dən çoxdur.

Köçəri heyvandarlıq təsərrüfatları tərəfindən indi də istifadə edilən həmin marşrut üzərində yüksək dəyərə malik çox sayda tarixi-mədəni abidəyə rast gəlinir. Onun Vətənimizin mədəni sərvətlərinin qiymətli nümunələri sırasında özünəməxsus yeri var.

Nazirlər Kabineti beş ay müddətində qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, həmin ərazinin xüsusi rejimini müəyyən edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.