Dərk kəndi Quba rayonunda, Dərk çayı sahilində, dəniz səviyyəsindən 1500 metr yuxarıda yerləşir.
Kəndə bəzən “Dərgəvar” da deyilirdi. Buna, əsasən, Dərk sözü – “bənd, körpü”, “var, vər” komponenti isə “qarşı tərəf” mənasındadır və “körpünün, bəndin qarşı tərəfi” kimi izah edilir. Tarixi sənədlərdə Dərk kəndi “Dərki” kimi də qeyd olunub.
Dərk kənddəki nəsillərin biri Qureyşi adlanır. Ehtimal edilir ki, həmin Qureyşi adlanan şəxsin bu yerə gəlişi təxminən XII əsrdən əvvələ aiddir. Nəsillər arasında Xeybərli, Güzəlli, Babalı, Hacıməmmədli və digərləri var.
Burada qonşu kənddən fərqli olaraq, ölüləri öz mülkündə basdırmaq adəti də mövcud idi. Bu adətə əsasən, onlar bostanlarının baş tərəfində basdırılırdı.
1796-cı ildə Dərk kəndi Dağıstan mahalına aid olub. 1930-cu illərdə kənddə dəyirman və məscid inşa olunub.
1915-ci ilə aid Qafqaz təqvimində Dərk kəndində 446 nəfərin yaşadığı qeyd olunur. 2009-cu ilin rəsmi məlumatına əsasən, kəndin əhalisinin sayı 186 nəfər təşkil edib.


İstinad edilən mənbələr:
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. Bakı-2010.
- Azərbaycan toponimlərin ensiklopedik lüğəti. Bakı-2007.
- Кавказский календарь на 1915 год. Тифлис-1914.
- Şahin Fazil. Quba tarixi. Bakı-2016.
- Tahir Həsənli. Yerfililər. Bakı-2012.