Qusarda “Robotex” gənclərin innovasiya düşərgəsi keçirilib. Bu haqda ShimalNews 30 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.

Olimpiya İdman Kompleksində baş tutan tədbirdə mütəxəssislər texniki ingilis dili, avtomatlaşdırma və enerji mühəndisliyi, startap sahəsində layihə təqdimatı bacarıqları, ictimai davranış qaydaları və digər mövzularla bağlı təlimlər keçiriblər.

Düşərgə çərçivəsində gənc mühəndislər Dünya Robot Olimpiadasının Azərbaycan üzrə final mərhələsinə hazırladıqları layihələri inkişaf etdirib, robototexnika sahəsi üzrə təcrübəli mentorların dəstəyi ilə praktiki məşğələlərdə iştirak ediblər.