Azərbaycanda ilk dəfə superintensiv texnologiya ilə fındıq bağları Quba və Zaqatalada salınacaq. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.
Artıq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Xorvatiya, Ukrayna, Böyük Britaniyadan olan həmkarları ilə birgə fəaliyyət göstərirlər.
Superintensiv texnologiya əsasında sıxlaşdırılmış əkin hesabına torpaqdan daha səmərəli istifadə imkanı yaranacaq. Bu məqsədlə ölkəmizdə ilk dəfə müasir fındıq tingliyi yaradılıb.
“Bu texnologiya üzrə fındıq bağlarının salınmasında, əsasən, 3×0.6 m və 3×0.7 m əkin sxemlərindən istifadə olunur. Qeyd olunan əkin sxemləri bir hektar sahəyə 4700-5500 ədəd fındıq tingi əkilməsinə və hektardan məhsuldarlığın 8-10 tona çatdırılmasına imkan yaradır”, – deyə institutun direktoru İlham Qaraqurbanlı vurğulayıb.
Respublikamızda fındıq bağlarının ümumi sahəsi 2021-ci ildə 80,4 min ha təşkil edib. Ümumi məhsul istehsalı 67,6 min ton olmaqla, 1 ha-dan 13,7 sentner təşkil edib.