İsmayıllı Rayon İcra Hakimiyyəti güclü leysandan zərər çəkən Mollaisaqlı kəndinə səfər edib. Bu barədə ShimalNews 29 avqust tarixində RİH-yə istinadən məlumat verir.
Sakinlərlə görüş zamanı dəymiş ziyan barəsində müzakirələr aparılıb. Bildirilib ki, zədələnmiş qaz, rabitə və işıq xətləri bərpa edilib. Kəndin əsas yolları və kənddaxili yollar lildən təmizlənib və qreyderlə hamarlanıb.
Fəsadların həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Həmçinin Fövqəladə Hallar Nazirliyinin Monitorinq qrupu tərəfindən təsərrüfatlara dəyən ziyanla bağlı monitorinq keçirilir.
Avqustun 26-sı sel nəticəsində 5 tövlə, 1 taxıl anbarı və 2 avtomobil yararsız hala düşüb, 3 evi və həyətini su basıb, 10 xırda və 5 iribuynuzlu heyvan isə tələf olub.