Xaçmaz sakini meyvə istehsalı ilə məşğul olan “DAD” MMC-dən şikayətçi olub. Bu barədə ShimalNews 26 avqust tarixində Real TV-yə istinadən məlumat verir.
Şikayətçi Kamilə Əkbərova Qubanın Dəlləkli kəndində yerləşən şirkətdə çalışır. Qadının sözlərinə görə, bu il avqustun 3-də iş vaxtı o, traktorun qoşqusundan yıxılıb. Nəticədə qabırğası sınıb və ağ ciyəri zədələnib. Bədən xəsarətləri alan qadın bir həftə xəstəxanada müalicə alıb. Hazırda müalicəsi evdə davam edir. Lakin o bildirir ki, hadisədən sonra şirkətdən heç kim onunla maraqlanmayıb.
“Gecə səhərə qədər yatmır, ağlayır, narahatdır. Mənim imkanım yoxdur ki, aparım yenidən birdə yoxlatdırım. Əziyyət çəkir, qalıb belə”, – şikayətçinin qızı Rahidə Abıyeva deyir.
Məsələ ilə bağlı “DAD” MMC-dən hər hansı bir açıqlama verilməyib.
Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Yayılan məlumata əsasən, adı çəkilən şirkətlə bağlı bu, ilk şikayət deyil. Bir müddət əvvəl müəssisənin əməkdaşları maaşlarını ala bilmədikləri üçün narazılıqlarını bildirmişdilər.