Qubada bir nəfərin ölümünə səbəb olan sərxoş sürücüyə hökm oxunub. Bu haqda ShimalNews 26 avqust tarixində Qafqazinfo-ya istinadən məlumat verir.
41 yaşlı Süleyman Məmmədov sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə Günay Fərzəliyeva və onun iki azyaşlı uşağını vurmuşdu. Qadın yerindəcə dünyasını dəyişmiş, uşaqlar isə Quba Rayon Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.
Təqsirləndirilən şəxs günahını boynuna alsa da, məhkəmədə ifadə verməkdən imtina edib. İstintaq zamanı o, hadisə baş verən vaxt toydan qayıtdığını bildirib. Şənlikdə spirtli içki içib, daha sonra sükan arxasına əyləşib.
Məhkəmənin hökmü ilə Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə M.P.Vaqif küçəsində ötən ilin oktyabrında baş verib. Qəza nəticəsində dünyasını dəyişən G.Fərzəliyeva Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi olub.