Quba sakini İldırım Fərhadov sevgilisinin sifarişi ilə qətlə yetirilib. Bu əməldə əli olan şəxslər azadlıqdan məhrum ediliblər. Bu haqda ShimalNews 25 avqust tarixində “Baku TV”yə istinadən məlumat verir.
İlqar Fərhadov Daxili İşlər Nazirliyinə müraciət edərək bildirib ki, onun qardaşı İldırım 9 ay öncə yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıb. İldırımın qeyri-rəsmi nikahda yaşadığı Əzizə Sadıqova isə bildirib ki, o, Rusiyaya istirahətə gedib.
Aparılan araşdırma zamanı məlum olub ki, İldırım Əzizənin sevgilisi, Beyləqan rayonunun Dünyamalılar kənd sakini Şahsüvar Əsədov tərəfindən öldürülüb. O, qətli etiraf edib və meyiti basdırdığı yeri göstərib. Qatil bildirib ki, İldırımı kürəyindən iki dəfə atəş açmaqla qətlə yetirib. Sonra isə həyətdə basdırıb və izləri itirmək üçün üzərinə beton töküb. Cəsədin qalıqları çıxarılaraq ekspertizaya göndərilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il, Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.