Tarixçi Abbasqulu Ağa Bakıxanov 1834-cü ildə rus çarı I Nikolayın əmri ilə məzuniyyətə çıxandan sonra Quba rayonunun Amsar (Əmsar) kəndində, atasının malikanəsində yaşamağa başlayıb.

1835-ci ildə Abbasqulu Ağa Bakıxanov maarifçi Abdulla əl-Qadari və sənətkar Əmirəli Tahircanlının iştirakı ilə Qubada “Gülüstan” elmi-ədəbi məclisini yaradıb. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər və sufi ədəbiyyatı ətrafında müzakirələrin aparılması idi.

Abbasqulu Ağa Bakıxanov bu məclisə Qubanın tanınmış şair, yazıçı və ziyalılarını cəlb etmişdi. Burada klassik şairlər və sufilər iştirak edirdilər. Onlar yaxşı şeir yazmaq məqsədi ilə yarışlar təşkil edirdilər, fəlsəfi söhbətlər və mübahisələr aparırdılar.

Bu məclisin əhatə dairəsi Rusiyadan tutmuş bir sıra Avropa ölkələrinə qədər genişlənmişdi. Ehtimal edilir ki, 1841-ci ildə rus alimi İlya Berezin və fransız alimi qraf Syuzane Şərqə səyahət zamanı “Gülüstan” məclisində iştirak etmişlər.

“Gülüstan” elmi-ədəbi məclisinin fəaliyyəti Azərbaycanın ilk qadın dramaturqu Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının, Yetim Eminin, Süleyman Stalskinin və digər maarifçilərin yetişməsinə gətirib çıxarmışdır. Həmçinin məclis milli ədəbiyyatın və mədəniyyətin zənginləşdirilməsinə təsir göstərmişdir.

Maarifçi və ədəbiyyatşünas Firidun bəy Köçərli “Gülüstan” elmi-ədəbi məclisi haqqında belə demişdir: “Hacı Abbasqulu Ağanın ehtiramı ilə Qubada bir ürəfa məclisi tərtib olunmuşdu. Bu məclisdə Abbasqulu Ağanın dost və aşinaları cəlb olub, ruhani söhbətlər edərmiş…”.

Hazırda “Gülüstan” elmi-ədəbi məclisi fəaliyyət göstərir. 1960-cı illərdə məc­­lisin fəaliyyəti Dağıstana kimi çatmışdır. 2000-ci ildən bu günə kimi “Gülüstan” elmi-ədəbi məclis daha da genişləndirilmişdir. 2019-cü ildə “Gülüstan inciləri” toplusunun sayca 9-cu kitabı nəşr olunmuşdur.

İstinad edilən mənbələr: