Çarxı kəndi Xaçmaz rayonundakı Samur-Dəvəçi ovalığında yerləşir.

Tədqiqatçılara görə, çarxılılar Əfqanıstanın Qəznə vilayətinin Çərxi kəndindəndirlər. Onlar Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın şimalına köçürülmüş və yaşayış məskənlərinin adını “Çarxı” oykonimində yaşatmışlar.

Lakin kəndin adı ilə bağlı daha bir neçə fikir mövcuddur. Oykonimi “çayarxı” sözünün təhrif olunmuş forması kimi izah edirlər. Həmçinin “çarxı” sözü qədim türk və fars dillərində “sənətkar” anlamını verir. Bundan əlavə, ehtimal edilir ki, qədimdə müxtəlif peşə sahiblərinə “çərxi” deyilirdi və buna görə məntəqənin adı yerli əhalinin qədim məşğuliyyəti ilə bağlıdır.

Tarixçi Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində kəndin adını çəkir. Əsərə əsasən, XVIII əsrin əvvəlində qubalı Şeyxəli xan rus imperiyasına qarşı döyüşdə burada məğlub olub. Nəticədə Şeyx Əli xan Təbərsərana geri çəkilib, Quba xanlığı isə Çar Rusiyasının ixtiyarına keçib.

Həmin əsərdə şabranlı Şeyx Yaqub Çərxi adlı alimin adı çəkilir. 1796-cı ilin məlumatına əsasən, Quba xanlığında yerləşən Çarxı kəndi Şabran mahalına aid idi.

Kənddə 1900-cu ildə Çarxı dəmir yolu stansiyası inşa olunmuşdur. 1930-1940-cı illərdə burada yeddiillik məktəb binası tikilib, fəaliyyət göstərmişdir.

1912-ci ilin “Qafqaz təqvimi”ndəki əhalinin siyahıyaalınması məlumatına əsasən, kənddə 791 nəfər yaşayıb. 1986-cı ildə əhalinin sayı 2455 nəfər təşkil edib. 2009-cu ildə isə Çarxının əhalisi 3102 nəfər olub. Sakinlər, əsasən, tərəvəzçilik, heyvandarlıq və quşçuluqla məşğuldur.

“Gülüstani-İrəm” əsərində qeyd olunan Xaçmazın qədim Çarxı kəndi

“Gülüstani-İrəm” əsərində qeyd olunan Xaçmazın qədim Çarxı kəndi “Gülüstani-İrəm” əsərində qeyd olunan Xaçmazın qədim Çarxı kəndi

İstinad edilən mənbələr: 

  • Кавказский календарь на 1912 год. Тифлис-1911.
  • Abbasqulu Ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı-1951.
  • Azərbaycan sovet ensiklopediyası. X cild. Bakı-1987.
  • Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 2009-cu il. Bakı-2010.
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  • Qələmşah İdrisov. Xaçmaz toponimləri. Bakı-2011.
  • Nizami Xudiyev. Xaçmaz: görüşlər, düşüncələr. Bakı-2014.
  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.