Çox sayda turistin üz tutduğu Xaçmaz rayonunda bir ailənin istirahətə xərclədiyi məbləğ araşdırılıb. Bu barədə ShimalNews 21 avqust tarixində “ATV News”a istinadən xəbər verir.

100-dən çox istirahət mərkəzi yerləşən Nabran kəndində iyul və avqust ayları turizm üçün əlverişli hesab olunur. İstirahət guşələrində 4 nəfərlik ailənin bir günlük yerləşməsi 200 manatdan başlayır. Keyfiyyət artdıqca xidmətlərin ödənişi də çoxalır.

“1 nəfər üçün yeməksiz qiymət 15 manatdır. Amma yeməklə bir yerdə 40 manatdır”, – turistlərin biri qeyd edib.

Sahibkarların sözlərinə görə, cari mövsümdə turist axını keçən ilə nisbətən zəifləyib. Buna baxmayaraq, onlar vəziyyətin qənaətbəxş olduğunu bildirirlər.

Nabranda turist axını təxminən 15 sentyabr tarixinə qədər davam edir. Daha sonra isə istirahət məkanları fəaliyyətlərini növbəti mövsümə qədər dayandırırlar.