Aydın Çingiz oğlu Qaradağlı 20 avqust 1929-cu ildə Qubada anadan olub.

Qaradağlı 1944-cü ildə orta məktəbi, 1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib.

Qaradağlı birinci dərəcəli matros rütbəsi alsa da, 17 yaşından diktor kimi fəaliyyətə başlayıb. O, 1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbində aktyorluq ixtisası alıb, 1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib. Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib.

O, 1961-1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyub. 1966-1968-ci illərdə Dövlət Radiosunun baş rejissoru, 1970-ci ildə isə “Proqram Baş Redaksiyası”nın baş redaktoru vəzifəsində çalışıb.

Aydın Qaradağlı diktorlar arasında ilk dəfə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adına layiq görülüb. Azərbaycan radiosunun “Qızıl fond”unda Aydın Qaradağlının ifasında Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazmaları qorunub saxlanılır. Xalq şairi Səməd Vurğun Aydın Qaradağlını “qızıl səsli sənətkar” adlandırmışdı. O, şeir və poemalarının qiraətini ancaq Aydın Qaradağlıya həvalə edirdi.

Aydın Qaradağlı 28 yanvar 1980-ci ildə Bakıda vəfat edib.

İstinad edilən mənbələr: