18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən sərhədlərin mühafizəsi haqqında qanun qəbul edilmişdir. Həmin zaman Azərbaycan Xalq Cümhuriyyəti 99 post yaradaraq, Azərbaycan sərhədlərinin mühafizəsini təşkil etmişdir.
Sovet dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu idi. Müstəqillik illərində isə Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə daxil olunmuşdur. 1991-ci ildə Azərbaycan Respublikasının Milli Şurası “Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul etdi.
13 iyun 1992-ci ildə Dövlət Sərhədini Mühafizə Komitəsi “Yalama” Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin fəaliyyətə başlaması haqqında qərar verdi. İyun ayının 16-da milli sərhəd qoşunlarımızın əsgərləri baş leytenant Elçin Quliyevin rəhbərliyi altında Azərbaycanla Rusiya arasındakı əsas tranzit yola nəzarət etməyə başladılar. Beləliklə, Azərbaycana gəlib-gedən maşınların sənədlərinin yoxlanılması ilə fəaliyyətə başlayan kiçik bir post sonradan inkişaf edib Xudat Sərhəd Dəstəsinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamına əsasən, avqustun 18-i Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir. 31 iyul 2002-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamla sərhəd qoşunları Dövlət Sərhəd Xidməti kimi fəaliyyətə başlayıb.