Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının vəzifəli şəxsi həbs edilib. Bu haqda ShimalNews 17 avqust tarixində Baş Prokurorluğa və Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Regional filialın əməkdaşı Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyev DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qanunsuz əməllər törətməsində ona vasitəçilik ediblər.

Vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra isə gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət alınmasına əsaslı şübhələr müəyyən edilib. Rüşvət alan şəxslər cinayət başında yaxalanıblar.

Elşan Abdullayev və Ədalət Quliyev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik, Məzahir İsmayılov isə ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələrilə təqsirli bilinərək, barələrində cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.