Qusarda yeni stadionun tikintisi noyabrın sonlarına qədər başa çatacaq. Bu haqda ShimalNews 16 avqust tarixində Report-a istinadən məlumat verir.
AFFA-nın baş katibi Sərxan Hacıyev “Şahdağ” komandasının II Liqada iştirak edəcəyini bildirib. Hələlik ev oyunları Şamaxı Olimpiya Kompleksində keçiriləcək.
Baş katib klublarla tanışlıq məqsədilə görüşlərin də təşkil edildiyini diqqətə çatdırıb:
“Qusarda yeni tikiləcək stadionda müəyyən işlər görülüb, proses hazırda da davam etdirilir. İnvestorlar tərəfindən idman obyektinin tikilməsi bizi sevindirir. Qusar futbol ənənəsi olan regiondur. Buna görə İcraiyyə Komitəsi bu komandaya müsbət rəy verib. “Dinamo”nun çempionata gəlməsində əsas məsələlərdən biri də millinin futbolçuları ilə bağlıdır. Həmin oyunçuların həqiqi hərbi xidmətdə olduqları müddətdə eniş yaşamamaları üçün “Dinamo”da çıxış imkanı yaradılacaq. MOİK komandası da bizə bu məsələdə kömək göstərir. Amma müəyyən məsələlərdə say məhdudluğu var. Perspektivli oyunçuların hamısı MOİK-ə gələ bilmirlər”.