İsmayıl Qafar oğlu Abdul-Qədirov 15 fevral 1936-cı ildə İsmayıllı rayonunda anadan olub.

Abdul-Qədirov peşəkar idman vərdişlərinə 14 yaşında yiyələnmişdir, 1950-ci ildə isə “Dinamo” idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olmağa başlamışdır. Həmin il indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdikdən sonra institutun Güləş və onun metodikası kafedrasında işləmişdir.

O, 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olmuşdur. Yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cu yubiley Spartakiadasında üçüncü yerə layiq görülmüşdür.

Məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən artıq idman ustalığına namizəd hazırlamışdır.

1980-1990-cı illərdə o, elmi-pedaqoji fəaliyyətlə daha çox məşğul olmağa başlayıb. Abdul-Qədirov 30 dərslik və tədris vəsaitinin müəllifidir. 1980-ci ildən başlayaraq çalışdığı kafedraya rəhbərlik edən İsmayıl 10 il bu vəzifəni daşıdıqdan sonra dekan vəzifəsinə təyin edilmişdir. 1991-ci ildə elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verilmiş, 2009-cu ildən isə Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru olmuşdur.

İsmayıl Abdul-Qədirov 1961-ci ildə “Bədən tərbiyəsi və idman əlaçısı” adına layiq görülmüşdür. O, həmin il güləş üzrə respublika hakimi, beş il sonra isə Ümumittifaq dərəcəli hakimliyə qədər yüksəlmişdir. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü olan görkəmli idman xadimi Abdul-Qədirov 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Tərəqqi” medalı ilə təltif edilmiş, 2006-cı ildə Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2010-cu ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.

İsmayıl Abdul-Qədirov 16 avqust 2021-ci ildə vəfat edib.

 

İstinad edilən mənbələr: