Qusar rayonunun Bədirqala kəndi ərazisində arxeoloqlar qazıntı zamanı 5 məişət quyusu, 1 təndir, ocaq yeri, tikinti qalıqları, məişət əşyaları ilə yanaşı, qədim tayfa başçısına aid iki müxtəlif möhür tapıblar. Bu barədə ShimalNews 15 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Ekspedisiya rəhbəri Qəhrəman Ağayevin sözlərinə görə, adətən, belə qazıntılar zamanı  məişət əşyaları sınıq və qırıntılar şəklində tapılır, bütöv halda isə yalnız qəbirlərdə aşkar edilir. Bu dəfə isə saxsı qabın qapağı və şamdan bütöv, yəni saf halda tapılıb.

Bir müddət əvvəl qızılaxtaran şəxslər Qızılgül təpələri abidəsini buldozerlə dağıtmışdılar. Arxeoloqlar buna qarşı hüquqi ölçü götürülməsinin vacibliyini vurğulayıblar.

“Varlanmaq istəyən bu  qızılaxtaran  şəxslər, əsasən, əzəmətli abidələrimizə üz tutur, dağıdır, məhv edirlər. Olmaz, belələri haqda ciddi tədbir görülməlidir. Çirkin əllərini tarixi yerlərimizdən çəksinlər”, – deyə Q.Ağayev bildirib.

Daha öncə, Qusarda qızılaxtaranların tarixi abidəyə zərər yetirmələri haqda xəbər vermişdik.