Bu ayın sonuna kimi Qubada şokolad fabrikinin açılışı olacaq. Bu barədə ShimalNews 15 avqust tarixində Fed.az-a istinadən xəbər verir.

Türkiyənin “Rayess” şokolad fabrikinin işə salınması üçün bütün lazımi avadanlıqlar, eləcə də xammal artıq ölkəyə gətirilib. Onun sahəsi 1000 kv.m olacaq.

“Bu fabrikin açılışı ABAD ilə tərəfdaşlığımız çərçivəsində baş tutacaq. Biz artıq lazımi avadanlıq və müvafiq xammalın alınmasına 500 min dollar sərmayə qoymuşuq. Bakıda mağaza və kofe evlərinin açılmasına daha 500 min dollar sərmayə qoymağı planlaşdırırıq. Gələcəkdə bu zavodun genişləndirilməsinə daha 10 milyon dollar sərmayə qoymağı nəzərdə tuturuq”, – Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

Məhsul həm yerli bazarda, həm də xarici bazarlarda satılacaq.

“Rayess” Azərbaycanda Avropa və digər ölkələrə yük daşıyacaq logistika şirkəti də açmağı planlaşdırır. “Rayess”in bu layihəyə beş milyon dollar sərmayə qoyacağı gözlənilir. Bu vəsait yük maşınlarının alınmasına, həmçinin digər zəruri infrastrukturun qurulmasına sərf olunacaq”, – deyə o əlavə edib.