Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə İsmayıllıda şəhid ailələri üçün tədbir təşkil olunub. Bu barədə ShimalNews 14 avqust tarixində məlumat verir.

Tədbirdə TÜİB-nin üzvləri Saleh Tüfəkçi, Ege Soysal, Buse Karalı, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, RİH-nin başçısının müavini Sevil Əhmədova, Bakıdan dəvət olunmuş şəhid ailələri, həmçinin İsmayıllı şəhid ailələri, qazilər, şəhid övladları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Tək Millət, Tək Ürək” şüarı ilə TUİB-nin üzvləri, Müdafiə Nazirliyinin, RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, Bakıdan dəvət olunmuş şəhid ailələri, incəsənət xadimləri İsmayıllı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.

Tədbir daha sonra respublikanın tanınmış incəsənət adamlarının ifasında konsert proqramı ilə davam etdirilib. Burada, həmçinin şəhid övladları üçün sehrbazlıq göstərisi və İsmayıllı Mədəniyyət Mərkəzinin hazırladığı kukla teatrı nümayiş olunub.