Bu gün şəhid gizir Sadiq Azayevin doğum günüdür. O, 11 avqust 1992-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Üç bacısı ilə birgə atalarını vaxtsız itiriblər.
Sadiq Azayev 2010-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub, 2017-ci ildən isə Beyləqan rayonunda yerləşən hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışıb.
Vətən müharibəsinə komandir kimi qatılıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə şəhidlik zirvəsinə ucalıb. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn edilib.
Döyüş yoldaşı danışır ki, Sadiq yeganə insan olub ki, minomyotu səngərin içində qoydurub, ermənilərə atıb: “Döyüş vaxtı bizi ayırdılar, aramızda 100 km məsafə vardı. Deyirdi ki, qoyma, əsgərlərə nəsə olsun”.
S.Azayev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Döyüşdə fərqlənməyə görə” , “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.