Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) mütəmadi olaraq lift sıradan çıxır. Bu barədə ShimalNews 11 avqust tarixində Baku TV-yə istinadən məlumat verir.
Səhiyyə ocağı 4 mərtəbədən ibarətdir. Burada yeganə liftin işləməməsi xəstələri və onların yaxınlarını çətin vəziyyətə salıb. Cərrahiyyə və reanimasiya şöbələrinin yuxarı mərtəbələrdə yerləşməsi bu mənzərəni daha da acınacaqlı edib.
RMX-nın əməkdaşı Aynur Seyidova məsələ ilə bağlı açıqlama verib:
“Mərkəzin liftinin uzun müddət istismar olunması nəticəsində bəzi hissələri sıradan çıxıb. Bunun nəticəsində isə vətəndaşların həyatı üçün təhlükə yaranması ehtimalı artıb. Təhlükəsizlik məqsədilə bir necə gündür ki, xəstəxananın liftinin fəaliyyəti müvəqqəti çətinlik aradan qaldırılana qədər dayandırılıb. Tərəfimizdən lazımi detallar sifariş edilərək, təmir edilməsi üçün mütəxəssislər dəvət olunub. Hal-hazırda mövcud problem aradan qaldırılaraq, lift vətəndaşların istifadəsinə verilib”.