Xaçmaz rayonu Xudat şəhəri Kəndxudat kəndinin 40 yaşlı sakini 5 gün Xudat Polis Bölməsində qeyri-qanuni saxlanıldıqdan sonra azadlığa buraxılıb. Bu barədə ShimalNews 11 avqust tarixində xəbər verir.
Məlumata görə, 05.08.2023-cü il tarixində saat 18:00 radələrində kənd sakini evdən Xudat şəhərinə yola düşüb və geri qayıtmayıb. Bununla bağlı onun yaxınları polisə və təcili tibbi yardıma müraciət ediblər, lakin heç bir məlumat əldə edə bilməyiblər.
İki gün sonra Xudat Polis Bölməsinə yaxınlaşaraq itkin düşən haqqında ərizə yazmaq istəniləndə məlum olub ki, Xudat sakinini protokolsuz və ya hər hansı bir qeydiyyat olmadan bölmənin iclas zalında saxlayırlar. Səbəbini soruşduqda isə heç bir izahat verilmədən, nə vaxt lazım bilinsə, buraxılacağı deyilib.
Daha sonra Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə hadisə ilə bağlı məlumat verilib və Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Xaçmaz Rayon Prokurorluğuna, Xaçmaz Rayon Polis Şöbəsinə şikayət ərizəsi ünvanlanıb. Yalnız bundan sonra, avqustun 10-u axşam saatlarında saxlanılan şəxs evə buraxılıb.
Məlum olub ki, Xudat sakini tanıdığı digər adam haqqında şahid qismində yalan ifadə vermək üçün saxlanılıbmış. O, 5 gün ərzində ac və yuxusuz qalıb. Azadlığa buraxılmadan öncə isə Xaçmaz Rayon Məhkəməsinə aparılaraq geri tarixlə ictimai qaydaları pozmasına görə ona tənbeh sənədləşdirilib.