Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə ShimalNews 10 avqust tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbir keçiriblər. Rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaradıb.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq, protokol tərtib olunub.

Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib.