Qonaqkənd qəsəbəsi Quba rayonunun mərkəzindən 46 kilometr cənubda, Vəlvələ çayının sahilində, dağ ətəyində yerləşir.

“Azərbaycanın toponimlərinin ensiklopedik lüğətində Qonaqkəndin keçmiş adı “Ləmsə” kimi qeyd olunur. Ehtimal edilir ki, qəsəbənin “Qonaqkənd” adı “dayanacaq (gecələmə) yeri” mənasını ifadə edir.

1796-cı ildə Qonaqkənd Dağıstan mahalına aid olub. 1930-1959-cu illərdə isə Qonaqkənd Azərbaycan SSR-də inzibati rayon kimi qeydə alınmışdır. 1959-cu ildə Qonaqkəndin ərazisi Quba rayonuna verilmişdir və 1964-cü ildən yaşayış məntəqəsi şəhər tipli qəsəbə statusunu almışdır.

Qonaqkənddə 1887-ci ildə məktəb və kitabxana yaradılmışdır. Daha sonra isə burada “Staxanovçu maldar” adlı qəzet buraxılırdı. Həmçinin qəsəbədə 1930-1999-cu illərdə “Qumaş” xalça fabriki fəaliyyət göstərib.

Qonaqkəndin ərazisindən eyniadlı bulaq da axır.

1914-cü ilin “Qafqaz təqvimi”ndəki əhalinin siyahıyaalınması məlumatına əsasən, qəsəbədə 396 nəfər yaşayıb. 1979-cu ildə qəsəbənin əhalisi 1802 nəfər təşkil edib, 2009-cu ildə isə Qonaqkəndin əhalisi 1615 nəfər olub.

 

 

İstinad edilən mənbələr: