Qusar rayonunun Bədirqala kəndi ərazisində arxeoloqlar fundamental qazıntı işlərinə başlayıblar. Bu barədə ShimalNews 9 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Qusar-Xudat yolunun sağ hissəsindən 200 metr aralıda Qızılgül təpələri adlanan tarixi abidə yerləşir. Burada Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu 1 ay ekspedisiya aparacaq. Şərti olaraq ərazini “Qızılgül təpələri-1” və “Qızılgül təpələri-2” adlandırıblar.

Ekspedisiya rəhbəri Qəhrəman Ağayev açıqlama verib. O bildirib ki, bu tarixi abidəni bir neçə il əvvəl qızılaxtaran şəxslər vəhşicəsinə dağıdıblar. Onlar abidənin mərkəzi hissəsini qazaraq bərbad hala salıblar.

Ötən əsrin 70-ci illərində Elmlər Akademiyasının əməkdaşları burada qazıntı işləri apararkən Qızılgül təpələrinin ilkin orta əsrlər dövrünə aid olması qənaətinə gəliblər.

Q.Ağayev deyir ki, 2021-ci ildə kəşfiyyat qazıntısı zamanı təsərrüfat quyuları, ocaq, təndir yerləri aşkar edilmişdi. Araşdırma və müşahidələr abidənin tarixinin lap qədim dövrlərə gedib çıxdığını deyir. Bu barədə qazıntı işlərinin sonunda ətraflı açıqlama veriləcək.

Qusarda qızılaxtaranlar tarixi abidəyə zərər yetiriblər
Foto bizim media