Yer üzündən silinmiş Quba qalasının maketini qurmaq üçün onun haqqında məlumatlar araşdırılıb və toplanılıb. Bu barədə ShimalNews 9 avqust tarixində Qafqaz TV-yə istinadən məlumat verir.

18-ci əsrin əvvəlində Azərbaycanın şimal-şərqində feodal dövlətlərindən biri yaradılmışdır. Onun paytaxtı öncə Xudat, 1747-ci ildən isə Quba şəhəri olmuşdur. O dövrə aid çoxsaylı tarixi abidələr qalsa da, Çar Rusiyası tərəfindən dağıdılmış qaladan bir daş belə qalmayıb.

Tarix üzrə elmlər doktoru professor Məhərrəm Zülfüqarlı deyir ki, bu halı bir tarixçi kimi araşdırmalara başlayıb. Keçən ilin axırlarında Quba qalasının planı və ölçüləri memarlıq üzrə elmlər doktoru professor Şamil Fətullayevin məqaləsində aşkar edilib. O, 1974-cü ildə çap edilib və “Qubanın şəhər inkişafı” adlanır.

“Bu ilin fevralında ilk dəfə Quba qalasının müasir Quba şəhərində harada yerləşdiyini içtimaiyyətlə paylaşdıq, sonra ideya yarandı ki, 200 il yaşı olan, hətta məhəllə və yollarının göstərildiyi ilk plana, xəritəyə əsasən, bunu 3D formatında da paylaşaq”, – deyə həvəskar tarixçi Adil Hüseynzadə deyib.

Arxiv materiallarında Qudyalçayın yuxarı axarı boyunca uzanan şəhərin qala divarlarının hündürlüyü 3-4 sajen, uzunluğu 4 sajen, eni isə 1 sajenə qədər olan bişməmiş kərpicdən hörülməsi və 3 darvazasının olması göstərilib. Şəhərin qala divarları  içində tikililərin Qudyalçaya doğru açılması müşahidə olunurdu. Buradakı Xan sarayı bir tərəfdən çaya, digər tərəfdən isə cümə məscidinin olduğu əsas meydana baxırdı.

Sajen – Çar Rusiyası zamanı işlədilən məsafə ölçü vahididir. Bir sajen 2.13 metrə bərabərdir.