Quba rayonunda fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 9 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Tədbir bu gün Quba Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda baş tutub.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazi orqanları ilə iş şöbəsinin baş zabiti daxili xidmət kapitanı Ramil Güliyev təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verib.
O bildirib ki, yanğınların təqribən 4-5%-i təbii fəlakətlər, 95%-i isə insan faktorunun ehtiyatsızlığı nəticəsində baş verir. Qaz və elektrik cihazlarından istifadə qaydalarına riayət olunmadığı, o cümlədən qaz cihazlarının tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmasının, standartlara uyğun qaz və elektrik cihazlarından istifadə etməyin əhəmiyyəti qeyd edilib.
Sonda dinləyicilər tərəfindən verilən suallar cavablandırılıb, müzakirələr aparılıb.