Qubanın tanınmış istirahət məkanlarının birində xoşagəlməz hal yaşanıb. Bu haqda ShimalNews-a 8 avqust tarixində oxucularımız məlumat veriblər.

Qonaqların sözlərinə görə, ötən həftəsonu ailəvi istirahət üçün onlar Qrızdəhnəyə üz tutublar və burada qalmaq üçün öncədən “Panoramic Mountains Hotel”i seçiblər.

“Avqustun 2-si əlaqə saxlayıb, 2 kottec üçün bron etdik. Avqustun 5-6 tarixlərində qalmaq üçün bizdən 300 manat məbləğ tələb olundu. Rezervasiya edərkən öncədən məbləğin yarısını, yəni 150 manat odədik. Gecə yolda olarkən, çatmadan zəng etdik, bizə cavab verilmədi. Ünvana çatdıqda personaldan heç kəs qarşılamadı bizi.

Uzun müddət obyekt administrasiyası zənglərə cavab vermədiyinə görə, əraziyə çatıb, özünü orada işləyən şəxslər kimi təqdim edən insanlara müraciət etdik. Onlar gündüz saat 16:00-dan sonra kotteclərin hamısının satıldığını və müdiriyyətlə əlaqə saxlamaq mümkün olmadığını bildirdilər. Uzun çəkən söhbətlərin sonunda nə pul, nə də qalmağa yer tapılmadı. Nəticədə biz, 8 nəfər avtomobildə gecələməli olduq”, – deyə zərərçəkənlər bildiriblər.

Bundan sonra istirahətə gələnlər Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə hadisə ilə bağlı məlumat verib və növbəti gün məsələni araşdırmaq üçün sahə rəisi ilə “Panoramic”ə qayıdıblar. İstirahət mərkəzinin administrasiyası anlaşılmazlıq baş verdiyini bildirib və müştərinin 150 manatını qaytarıblar.

“Biz tətilə çıxıb doğma diyarda istirahətə gəlmişik. Burada qarşılaşdığımız laqeydlik bizi şoka saldı. Gələcəkdə bu kimi halların digər insanların da başına gəlməməsi üçün obyekt sahibləri məsuliyyətə cəlb olunmalıdırlar”, – deyə qonaqlar əlavə ediblər.

Qubada istirahət mərkəzi Panoramic
Photo Shimal.News