Hacı Molla Hüseyn hamamı İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşir. Hamam 1897-ci ildə Hacı Abbas adlı şəxs tərəfindən oğlu Hacı Molla Hüseynin şərəfinə inşa edilib. Həmin vaxtdan hamama Hacı Molla Hüseyn adı verilib.
Ehtimal edilir ki, hamamın tikilməsinin əsas məqsədi o zamanlar məşhur Haqverdiyevlər ailəsinin tələbatını ödəmək idi. Binanın layihəsini şəkili usta Kərbəlayi Sultan hazırlayıb. Hamam iki milyon yumurta sarısı ilə suvaqlanıb.
Bina tağlıdır və dörd sütun üstündə inşa edilib. Hamam dörd hissədən ibarətdir: çöl hamam deyilən hissə, soyunub-geyinmə otağı, içəri hamam (çimmək üçün yer), hamam qızdırılan hissə. Hamamın yarı hissəsi binanın qızdırılması üçün nəzərdə tutulub və yerin altında yerləşir. Burada hamamı odunla qızdırmaq üçün nəzərdə tutulmuş ocaq və isti su tutumlu iki xəzinə var.
Hacı Molla Hüseyn hamamı sovet dövründə anbar kimi istifadə edilib, müstəqillik əldə olunduqdan sonra isə sahiblərinə qaytarılıb və dövlət tərəfindən qorunması təmin olunub. Həmin vaxt hamam bərpa olunub.
Yerli sakinlərin sözlərinə görə, hamamdan istifadə edən insanlar bir çox xəstəliklərdən sağalırlar.
Hazırda Hacı Molla Hüseyn hamamı yerli əhəmiyyətli tarixi abidə hesab edilir.
İstinad edilən mənbələr:
- Təranə Məhərrəmova.-Əgər Lahıcı görməmisinizsə.-14 avqust 2021.
- http://www.anl.az/down/meqale/palitra/2011/sentyabr/196914.htm
- https://www.youtube.com/watch?v=SI9Sz4ygeuc
- https://sputnik.az/20190923/icinde-min-beladan-xilas-olacaginiz-tarixi-hamam-421803397.html
- https://www.e-qanun.az/framework/2847#_edn1