Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Quba rayonunda regional konfrans keçirir. Bu haqda ShimalNews 3 avqust tarixində quruma istinadən məlumat verir.
“Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda baş tutan yığıncaq Heydər Əliyev Mərkəzində təşkil edilib. Tədbirdə Quba RİH-nin və DQİDK-nın rəsmi şəxsləri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, Komitə sədrinin müavini Sahib Nağıyev, Baş prokurorluğun nümayəndəsi Asim Yusifov, DİN-in nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazıları mövzu ətrafında çıxışlar ediblər. Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış sənədli film nümayiş edilib.