İsmayıllıda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün layihəyə start verilib. Bu barədə ShimalNews 3 avqust tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən məlumat verir.
Qarabağ KOB-ları proqramı adlanan layihə KOBİA və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə və “Paşa Holdinq”in ayırdığı qrant vəsaiti hesabına həyata keçirilir.
Müvafiq tələblərə uyğun gələn şəxslər təlimlərə cəlb olunacaqlar. Onlara maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək.
Layihə ümumilikdə 9 ay davam edəcək. Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 sahibkara dəstək göstəriləcək.