Bu gün şəhid Mais Səmədovun mövlud günüdür. Yaşasaydı, 46 yaşı tamam olacaqdı.

Mais Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub. Mais Qardaşoba kənd orta məktəbində, daha sonra Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə məktəbində təhsil alıb. Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə Daxili Qoşunlarda keçib.

Vətən müharibəsi zamanı DİN-in Daxili Qoşunlarının giziri Mais Səmədov Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Mais Səmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.