Cimi kəndi Quba rayonunda, Vəlvələçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Kəndin adının yaranması ilə bağlı bir neçə fikir mövcuddur. Ehtimal olunur ki, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmışdır və buna görə ərəb dilindəki “cəm” sözü ilə “Cəmi” adlandırılmışdır.

Digər fikrə əsasən, kəndin adı bu ərazidə yerləşən ilk Cümə məscidi ilə əlaqələndirilir. Daha sonra “Cümə” sözü “Cimi” sözü ilə əvəz olunub. Başqa bir məlumata görə, kənd adını ərazisindəki “Cimi” mineral bulağının adından almışdır və “narın, nazik su şırnağı” mənasında işlənmişdir. Həmin bulaq bir neçə isti və bir soyuq mineral bulaqdan ibarətdir. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir.

Kənddə orta əsrlərə aid “Aqar” adlı şəhərgah mövcuddur. Cimi kəndi Quba rayonunun dağlıq xalçaçılıq mərkəzlərindən biridir. Burada Qubaya məxsus yeməklərlə yanaşı, qafun, südlü əriştəli aş və döyməcə kimi yerli xörəklər də bişirilir. Tarixçi Şahin Fazilin sözlərinə görə, kənddə ehtiyat neft yataqları da mövcuddur.

1796-cı ilin məlumatına əsasən, Quba xanlığında yerləşən Cimi kəndi Dağıstan mahalına aid idi.

1897-1898-ci illərdə kənd sakinləri kollektiv ərizə ilə Çar hakimiyyətinə müraciət edib, öz şəxsi vəsaitləri hesabına məktəb açmağa icazə istəmişdilər. Lakin hökumət buna icazə verməmişdir.

1913-cü ildə Cimi kəndinin yaxınlığında təsadüfən qapaqlı bir gil qab tapılmışdır. Qabın içərisində 12 gümüş sikkə var idi. Bunlardan 10-u Əməvilər, biri Sasani II Xosrovun, digəri isə gürcü IV Ormuzun sikkəsinin surəti idi. Burada, həmçinin iki sırğa və kulon tapılıb. 6 sikkə Rusiyanın Peterburqda yerləşən Ermitaj muzeyinə, qalanı isə Peterburq Universitetinə göndərilib.

1918-ci ildə ermənilər Quba qəzasında soyqırım törədən zaman Cimi kəndinin əhalisi də soyqırıma məruz qalmışdır.

1885-ci ildə kəndin əhalisi 1412 nəfər təşkil edib, 2009-cü ilin rəsmi məlumatına əsasən, kənddə 1209 nəfər yaşayıb. Əhali, əsasən, heyvandarlıqla, xalçaçılıq, toxuculuq, arıçılıqla məşğul olur.

İstinad edilən mənbələr: